Qədim gəmi qalıqları aşkar edildi

Dünya

29.04.2026 19:00

Norveçin Leka adasında aparılan qazıntılar zamanı Herlaugshaugen kurqanında Vikinq dövründən daha qədim – təxminən 20 metr uzunluğunda gəminin qalıqları tapılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Popular Mechanics” məlumat yayıb.

Arxeoloqlar 29 dəmir pərçim və kömürləşmiş ağac hissələrini analiz edərək müəyyən ediblər ki, gəmi ilə dəfn ənənəsi Skandinaviyada əvvəllər düşünüləndən daha erkən yaranıb. Radiokarbon analizinə əsasən dəfn eramızın təxminən 700-cü ilinə aiddir.

Bu tarix kurqanın adını daşıdığı əfsanəvi Kral Herlaugun dövründən təxminən 80 il əvvələ təsadüf edir. Tapıntı göstərir ki, norveçlilər artıq 7-ci əsrdə inkişaf etmiş dənizçilik texnologiyasına malik olub və böyük gəmilər inşa edə biliblər.

Kurqan İngiltərədə yerləşən və 600–625-ci illərə aid olan məşhur gəmi dəfni ənənəsi ilə oxşarlıq təşkil edir. Alimlər hesab edirlər ki, bu kəşf erkən Anglo-Sakson və sonrakı Skandinaviya dəfn ənənələri arasında mühüm “xronoloji körpü” yaradır.

Qazıntılar həmçinin Kral Herlaugun özünü bu kurqanda diri-diri dəfn etdirməsi ilə bağlı əfsanəni də təkzib edib, çünki gəmi onun yaşadığı dövrdən daha əvvəl torpağa tapşırılıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qazıntı,Gəmi,Vikinq,Dəfn,Todaypress.tv,