Polşa Rusiyadan Sovet dövrü üçün təzminat tələb edəcək

Dünya

17.02.2026 13:11

Polşa hakimiyyəti ölkənin Sovet təsiri altında olduğu dövr üçün Rusiyanı məhkəməyə verməyə hazırlaşır.

TodayPress TV "Financial Times" (FT) qəzetinə istinadən xəbər verir ki, Polşa Baş naziri Donald Tuskun göstərişi ilə Rusiyanın Polşadakı “tarixi cinayətləri” ilə bağlı araşdırma aparılır.

Yan Karski adına Müharibə İtkiləri İnstitutunun direktoru Bartoş Qondek bildirib ki, Rusiya ilə bağlı istintaq nasist vəhşiliklərinin istintaqından daha geniş olacaq, çünki Polşa Soyuq Müharibə dövründə qırx il Sovet təsiri altında qalıb. Qondek hesab edir ki, Moskvadan gələcək kompensasiya məbləğinin 2022-ci ildə Berlindən tələb edilən məbləği keçib-keçməyəcəyini söyləmək hələ tezdir.

O əlavə edib ki, institutun tarixçilər qrupunun Sovet dövrü ilə bağlı araşdırması Almaniya ilə bağlı araşdırmalardan daha çətin olub. Bu, Polşa tarixçilərinin gizli Rusiya arxivlərinə çıxış imkanının olmaması ilə bağlıdır.

Xatırladaq ki, ötən ilin dekabrında Polşa İkinci Dünya Müharibəsi zamanı törədilmiş müharibə cinayətlərinə görə Almaniyadan 1,3 trilyon avro təzminat tələb etmişdi. 2022-ci ildə Almaniyaya qarşı tələblər irəli sürən Polşanın müxalifət partiyası Hüquq və Ədalət (PiS)-dən Avropa Parlamentinin üzvü Arkadiuş Mularçik daha sonra Rusiyaya qarşı da tələblər irəli sürmək niyyətində olduqlarını bildirib.

Mularçik, həmçinin vurğulayıb ki, Rusiyadan təzminat tələb etmək, mahiyyət etibarilə əsas məsələ – Almaniyanın hələ də həll olunmamış məsuliyyətindən yayınmaq cəhdidir. O əlavə edib ki, Tusk Rusiyadan təzminat tələb etməklə kinayə ilə siyasi qazanc əldə etmək istəyir.

Jalə Rövşən 

TodayPress TV

tag: Polşa ,Sovet ,Rusiya,Təzminat ,Todaypress.tv,