Politoloq: "Moskva–Dəməşq əlaqələri yenidən strateji formata qayıdır"

Dünya

28.01.2026 15:35

"Rusiya ilə Suriya arasında münasibətlər tədricən yenidən strateji əməkdaşlıq səviyyəsinə qayıdır və artıq institusional əsaslar üzərində qurulub".

TodayPress TV xəbər verir ki, bunu şərqşünas və politoloq Kirill Semenov “Qovorit Moskva” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya və Suriya arasında qarşılıqlı fəaliyyət üçün geniş istiqamətlər formalaşıb. Əməkdaşlıq hərbi sahəni, iqtisadiyyatı və mədəni əlaqələri əhatə edir, hökumətlərarası komissiya isə aktiv fəaliyyətini davam etdirir.

Semenov vurğulayıb ki, Rusiya Suriyada hakimiyyətə gələn yeni rəhbərlik üçün əsas tərəfdaşlardan biri olaraq qalır. Ekspert əlavə edib ki, iki ölkə arasında münasibətlər mərhələli şəkildə yenidən strateji qarşılıqlı fəaliyyət səviyyəsinə yüksəlir.

Politoloq Rusiya hərbçilərinin Əl-Qamışlı aerodromundan mümkün çıxarılması ilə bağlı məlumatları da şərh edib. Onun sözlərinə görə, həmin obyekt Suriya hökumətinin nəzarətində olmayan ərazidə yerləşir və burada ABŞ-la əlaqəli “Suriya Demokratik Qüvvələri” fəaliyyət göstərir. Semenov ehtimal edib ki, qoşunların çıxarılması təhlükəsizlik məsələləri ilə bağlı ola bilər, çünki bölgədə vəziyyət gərgin olaraq qalır və təxribat riski yüksəkdir.

Qeyd edək ki, yanvarın 28-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi səfərlə Moskvaya gəlib və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Qiymət Mahir

tag: Rusiya ,Suriya ,Kirill Semenov, Əhməd Əl Şaraa,Todaypress.tv,