Pezeşkian ABŞ və İsrailin hücum ehtimalından danışdı
Dünya
30.04.2026 20:30
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin əvvəlki danışıqlar zamanı ABŞ və İsrailin hücumlarına məruz qaldığını xatırladaraq, bənzər bir cəhdin təkrarlanma ehtimalının olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı danışıb.
Görüşdə regional və ikitərəfli münasibətlər müzakirə edilib.
"İran məsuliyyətli yanaşma çərçivəsində ixtilafları dialoq və diplomatiya yolu ilə həll etmək səylərini hər zaman gündəmdə saxlayıb. Lakin danışıqlar gedən müddətdə ABŞ və İsrail iki dəfə İrana hücum etdi. Belə bir addımın təkrarlanma ehtimalı var", - deyə İran lideri bildirib.
O, həmçinin vurğulayıb ki, yaranmış bu vəziyyət ölkəsində ABŞ-yə olan etimadın tamamilə itməsinə səbəb olub.
Belarus Prezidenti Aleksandr Lukaşenko isə öz növbəsində gərginliyin artmasının regionda və dünyada yaradacağı təhlükəsizlik və iqtisadi fəsadlardan narahatlığını ifadə edərək, münaqişələrin dialoq və danışıqlar yolu ilə həllinə ümid etdiyini bildirib.
Aysel Mətləb
tag: Pezeşkian ,İran ,ABŞ ,İsrail,TodayPress TV,
