Paşinyanın rəqibi uşaq istismarı edir
Dünya
13.04.2026 11:04
Rusiyada fəaliyyət göstərən "Taşir" şirkətlər qrupunun rəhbəri, milyarder Samvel Karapetyanın Ermənistandakı siyasi ambisiyaları və apardığı kampaniya üsulları yerli mediada kəskin tənqid olunmağa başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanda hökümətyönümlü mənbələr məlumat yayıb.
Mənbələr, Karapetyanın rəhbərlik etdiyi və ya dəstəklədiyi siyasi hərəkatın ("Güclü Ermənistan") aksiyalarında azyaşlı uşaqların bir vasitə kimi istifadə edilməsini işıqlandırıb. Paylaşılan görüntülərdə uşaqların milyarderin portreti əks olunmuş posterləri daşımağa məcbur edilməsi cəmiyyətdə mənfi qarşılanıb.
Ekspertlər qeyd edir ki, hələ dünyanı dərk etməyən uşaqların milyarderin siyasi maraqları üçün nümayiş vasitəsinə çevrilməsi tərbiyə normalarına tamamilə ziddir.
Məlumata görə, Karapetyanın maliyyə gücündən istifadə edərək Ermənistanda təsir dairəsini genişləndirmək cəhdləri bəzən etik sərhədləri aşır. Valideynlərin müəyyən mənfəət müqabilində uşaqlarını Karapetyanın "lehinə" bayraqlar altında durdurması "məsumiyyətin satılması" və siyasi oyunların bir hissəsi kimi qiymətləndirilir.
"Uşaq bir şəxsin və ya biznes imperiyasının siyasi aləti deyil. Milyarderlərin maraqları naminə uşaqların istismarı məsuliyyətsizlikdir",- məlumatda qeyd olunub.
Hökumətyönlü media resursları vurğulayır ki, Samvel Karapetyanın Ermənistan siyasətində özünə yer etmək üçün bu cür üsullardan istifadə etməsi onun siyasi imicinə ciddi xələl gətirir. Valideynlərin qısamüddətli maddi maraqlar naminə uşaqlarını bu oyunların mərkəzinə atması isə mənəviyyata zidd addım kimi xarakterizə olunur.
Qeyd edək ki, azyaşlılardan emosional fon yaratmaq üçün istifadə edilməsi Ermənistan siyasi arenasına yad deyil.
Jalə Rövşən
tag: Samvel Karapetyan,Ermənistan,Uşaq ,"Güclü Ermənistan",Todaypress.tv,
