Papa XIV Leo: “Maşınlar cənnətində insanlığımızı itirməyək”
Roma Papası XIV Leo Fransaya səfərinin ilk günündə süni intellekt və texnologiyanın insan həyatına təsiri ilə bağlı xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, Fransa liderləri ilə Yelisey Sarayında görüşündə çıxış edən Papa bildirib ki, müasir cəmiyyətdə “zəka” getdikcə hesablama sistemləri ilə əlaqələndirilir, lakin insan şəxsiyyətinin ayrılmaz ləyaqətini tanımaq çətinləşir.
“Gündəlik həyatımızı işğal edən və şərtləndirən ‘maşınlar cənnəti’ arasında insanlığımızı itirməmək istəyiriksə, etik fərqləndirmə və mənəvi yaxşılığı qəbul etmək bacarığı sahəsində təhsilə təcili ehtiyac var”, – deyə XIV Leo bildirib.
Süni intellekt niyə Papanın əsas mövzularındandır?
XIV Leo papalığının ilk günlərindən süni intellektin inkişafı və cəmiyyətə təsirini diqqət mərkəzində saxlayır.
O, Papa adını seçməsinin səbəblərindən birinin XIII Leonun Sənaye İnqilabının yaratdığı dəyişikliklərlə üzləşməsi olduğunu açıqlamışdı. XIV Leonun fikrincə, dünya hazırda süni intellektin sürətlə inkişaf etdiyi yeni sənaye inqilabı ilə qarşı-qarşıyadır.
Papanın ilk ensiklikasında da süni intellektin insan üzərində nəzarət qurmasının qarşısının alınmasının vacibliyi vurğulanıb.
Türkan İsgəndərli