Pakistanda ilk "Hangor" sinfinə məxsus sualtı qayıq istismara verildi
Dünya
30.04.2026 23:30
Pakistan ölkənin ilk "Hangor" sinfinə məxsus hücum sualtı qayığını istismara verib.
TodayPress TV xəbər verir ki, hadisə hərbi dəniz qüvvələrinin modernləşdirilməsi səylərində mühüm addım hesab olunur.
Təntənəli mərasim Çinin Sanya şəhərində keçirilib. Tədbirdə Pakistan Prezidenti Asif Əli Zərdari və Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Navid Əşrəf iştirak ediblər.
Zərdari sualtı qayığın istismara verilməsini "Pakistan Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsində tarixi mərhələ" adlandırıb və ölkəsinin güclü, balanslaşdırılmış, etibarlı müdafiə mövqeyini qorumaq əzmini təsdiqləyib:
"Pakistan öz suverenliyini müdafiə etməyə, dəniz maraqlarını qorumağa və iqtisadi həyat yollarının təhlükəsizliyini təmin etməyə tam qadirdir".
Admiral Əşrəf qeyd edib ki, mühüm dəniz keçid məntəqələrindəki fasilələr qlobal ticarət və enerji təhlükəsizliyini getdikcə daha çox təhdid etdiyi bir vaxtda, sabit və qaydalara əsaslanan dəniz nizamını qorumaq üçün texnoloji cəhətdən təkmilləşmiş dəniz qüvvələrinə ehtiyac var.
Qeyd edək ki, "Hangor" sinfi sualtı qayıqları ən müasir silahlar, qabaqcıl sensorlar və havadan asılı olmayan hərəkət sistemi (AIP) ilə təchiz olunub. Bu xüsusiyyətlər onlara suyun üzünə çıxmadan daha uzun müddət fəaliyyət göstərmək və daha böyük məsafələri qət etmək imkanı verir.
Aysel Mətləb
tag: Pakistan,Qayıq,Hangor,Asif Əli Zərdari,TodayPress TV,
