Niderland enerji böhranına qarşı dəstək paketi ayırır

Dünya

20.04.2026 17:00

Niderland hökuməti əhali və biznes üçün 927 milyon avro dəyərində dəstək paketi təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qərar enerji qiymətlərinin artması və ABŞ ilə İsrailin İranla bağlı gərginliyi fonunda iqtisadi vəziyyətin pisləşməsi səbəbindən qəbul olunub.

Hökumətin parlamentə göndərdiyi məlumata görə, 627 milyon avro birbaşa xərclərə, əlavə 300 milyon avro isə vergi güzəştlərinə ayrılacaq. Tədbirlər paketinə işgüzar səfər müavinətləri üçün vergisiz həddin artırılması, ev təsərrüfatları üçün enerji fondunun yaradılması və nəqliyyat sektoru ilə özəl şirkətlər üçün vergilərin azaldılması daxildir.

Eyni zamanda, ölkədə milli enerji böhranına cavab planı həyata keçirilir. Bu plan bazar nəzarətinin gücləndirilməsi, əlavə tədbirlərin hazırlanması və digər Avropa İttifaqı ölkələri ilə koordinasiyanı nəzərdə tutur.

Bundan əlavə, Beynəlxalq Enerji Agentliyi ilə razılaşma çərçivəsində Niderland strateji ehtiyatlardan 5,4 milyon barel neft istifadə etməyə hazırlaşır.

Rəsmilər bildirirlər ki, vəziyyət sabitləşsə belə, enerji qiymətləri uzun müddət yüksək qala bilər. Buna görə də ölkə alternativ enerji mənbələrinə keçidi sürətləndirməyi və idxaldan asılılığı azaltmağı planlaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Niderland,Dəstək,ABŞ,İsrail,Todaypress.tv,