Mixaylo Fedorov: "2 milyon ukraynalı hərbi xidmətdən yayınıb"

Dünya

15.01.2026 11:07

Ukraynanın yeni Müdafiə naziri təyin olunan Mixaylo Fedorov parlamentdə ölkədəki hərbi kadr böhranının miqyasını açıqlayıb.

TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki,  nazir, təxminən 200 min əsgərin  icazəsiz vəzifələrini tərk etdiyini  və 2 milyon ukraynalının hərbi xidmətdən yayındığını bildirib. 

Fedorov uzun illər davam edən müharibə səbəbindən orduda şəxsi heyətin cəlb edilməsində ciddi çətinliklər olduğunu bildirib. O, texnologiya və insan resursları arasında boşluğu aradan qaldırmağın vacib olduğunu vurğulayıb: “Daha çox texnologiya, daha az itki, qəhrəmanlarımızın həyatı ən yüksək dəyərə malikdir.”

Nazir hazırda Ukraynada 500 şirkətin pilotsuz uçuş aparatları, 200 müəssisənin maneə törədən avadanlıq və 20-dən çox özəl firmanın raket istehsalı ilə məşğul olduğunu bildirib və ordunun texnoloji gücləndirilməsinin əsas prioritet olacağını deyib.

Prezident Volodimir Zelenski isə səfərbərlik prosesində geniş dəyişikliklərin lazım olduğunu qeyd edib. Qanuna görə 18–60 yaş arası bütün kişilər hərbi xidmətə çağırılır, amma hazırda yalnız 25–60 yaş arası çağırışlar həyata keçirilir və on minlərlə insan ölkəni tərk edib.

Qeyd edək ki, Fedorov Baş nazirin müavini və müdafiə nazirliyi postunu Denis Şmıhaldan təhvil alıb. Zelenski onun müdafiə sənayesindəki özəl təşəbbüsləri dəstəkləyərək ordunu modernləşdirmək qabiliyyətinə əmin olduğunu bildirib.

Jalə Rövşən 

TodayPress TV


tag: Ukrayna ,Mixaylo Fedorov,Ordu ,Hərbi xidmət ,Todaypress.tv,