Mirziyoyev 377 layihəni nəzarətə götürdü

Dünya

16.02.2026 13:33

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 165 milyard dollar dəyərində 377 strateji investisiya layihəsinin xüsusi nəzarətə götürülməsini tapşırıb.

TodayPress TV xəbər verir ki, bu məsələ ayrı-ayrı sahələrdə iqtisadi artıma dair keçirilən müşavirədə müzakirə olunub.

Dövlət başçısı bildirib ki, ötən il təşkilati problemlər səbəbindən 55 iri layihə təxirə salınıb. Qeyd edilib ki, təkcə bu il ölkə iqtisadiyyatına 50 milyard dollar həcmində xarici investisiya cəlb etmək planlaşdırılır.

Mirziyoyev vurğulayıb ki, yeni layihələr ilk növbədə ixracyönümlü və yüksək əlavə dəyərli məhsul istehsalına, resurslardan səmərəli istifadəyə və yüksək gəlirli iş yerlərinin yaradılmasına xidmət etməlidir.

Rəsmilərə dövlət başçısının xarici səfərləri zamanı əldə olunan razılaşmalara xüsusi diqqət yetirmək tapşırılıb. Bu il Özbəkistan Türkiyə ilə 9 milyard dollar, Pakistanla isə təxminən 1,5 milyard dollar dəyərində birgə biznes təşəbbüslərinin həyata keçirilməsi barədə razılıq əldə edib.

Layihələrin icrasına nəzarəti gücləndirmək üçün “Vahid Milli Layihə İdarəetməsi” platforması yaradılacaq. Bu platforma investisiya proqramına daxil edilən hər təşəbbüsün başlanmasından sonrakı üç il ərzində monitorinqinə imkan verəcək.

Qiymət Mahir

tag: Özbəkistan , Şavkat Mirziyoyev,Türkiyə ,Layihə,TodayPress TV,