Merts "yox" dedi, Babiş "qəbuledilməz" adlandırdı: Aİ daxilində nə baş verir?
Avropa İttifaqı (Aİ) liderləri yeddiillik büdcənin azaldılmış layihəsini və gələn il Ukraynanın maliyyə çatışmazlığının aradan qaldırılmasına kömək yollarını müzakirə etmək üçün iki günlük sammitə başlayıblar.
TodayPress TV xəbər verir ki, Avropa Komissiyası ötən ilin iyul ayında 2028-2034-cü illər üçün təxminən 2 trilyon avro (2,19 trilyon ABŞ dolları) həcmində büdcə təklif edib. Lakin Aİ-yə növbəli sədrlik edən İrlandiyanın irəli sürdüyü kompromis təkliflə bağlı liderlər oktyabr ayında razılığa gələ bilməyiblər. Bir sıra ölkələr rəqabət qabiliyyətinə və müdafiəyə daha çox diqqət yetirilməklə büdcənin azaldılmasına çağırıblar.
Bu həftə Aİ liderləri Avropa Şurasının Prezidenti Antonio Koştanın irəli sürdüyü, 2028-2034-cü illər üçün Aİ-nin xərcləmə öhdəliklərini 1,58 trilyon avro ilə məhdudlaşdırmağı nəzərdə tutan təklifi müzakirə edəcəklər.
Avropa Komissiyası Aİ büdcəsinin təminatı ilə Ukraynaya 45 milyard avroyadək (49,38 milyard dollar) kredit verilməsini təklif edib. Bu kredit Aİ-nin 2026 və 2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq (98,76 milyard dollar) kredit proqramına əlavə olacaq və gələn il Ukraynanın qalan maliyyə çatışmazlığının təxminən üçdə ikisini qarşılayacaq.
“The Guardian” qəzetinin məlumatına görə, Çexiyanın Baş naziri Andrey Babiş Ukraynanın maliyyələşdirilməsinin Aİ-nin növbəti uzunmüddətli büdcəsi ilə əlaqələndirilməsinə qarşı çıxaraq, belə maliyyələşdirmənin “ayrıca müzakirə edilməli olduğunu” bildirib.
Aİ liderlərinin blokun növbəti uzunmüddətli büdcəsini və Ukraynanın 2027-ci il üçün maliyyə ehtiyaclarını müzakirə etmək məqsədilə Brüsseldə toplandığı vaxt bu açıqlamalar səsləndirilib.
Çexiya hökumətinin bəyanatına görə, Babiş noyabrın 23-ü Bratislavada Vişeqrad Qrupu liderlərinin və Avstriya kansleri Kristian Ştokerin iştirakı ilə keçirilən görüşdə Aİ büdcəsinin son təklifini Çexiya üçün “qətiyyən qəbuledilməz” adlandırıb. Görüşə yola düşməzdən əvvəl o, təklifdə üzv dövlətlərə büdcənin həddindən artıq kiçik hissəsinin ayrıldığını bildirib.
Çexiya hökumətinin noyabrın 10-da dərc etdiyi Koştaya ünvanlanmış məktubunda Babiş Ukraynanın gələcək maliyyələşdirilməsi ilə bağlı razılaşmanın Aİ-nin növbəti uzunmüddətli büdcəsinin qəbul edilməsi üçün şərt olmamalı olduğunu qeyd edib. O bildirib ki, Ukraynanın proqnozlaşdırıla bilən və davamlı dəstəyə ehtiyacı var və Aİ öz uzunmüddətli prioritetlərini müəyyənləşdirmək və maliyyələşdirmək imkanını saxlamalıdır.
Almaniyanın kansleri Fridrix Merts isə bildirib ki, Aİ-nin təklif etdiyi yeddiillik büdcə Almaniyanın dəstəyini qazanmaq üçün hələ də həddindən artıq böyükdür. O, büdcə ilə bağlı müzakirələrdə Ukraynaya dəstək xərclərinin 27 üzv dövlət arasında necə bölüşdürülməli olduğu məsələsinin nəzərdən keçirilməsinə çağırıb.
“İndiyədək masaya qoyulan təkliflər, bizim fikrimizcə, razılaşma üçün əsas deyil. Ümumi məbləğ hələ də həddindən artıq yüksəkdir”, – deyə Merts Brüsselə gəldikdən sonra jurnalistlərə bildirib.
O əlavə edib ki, üzv dövlətlərin büdcəni maliyyələşdirmək imkanı olmalıdır.
Aysel Mətləb