Fələstin Prezidenti Mahmud Abbasın 21–22 yanvar tarixlərində Moskvaya iki günlük səfər edəcəyi açıqlanıb.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfirliyi məlumat verib.
Səfər çərçivəsində onun Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Görüşün gündəliyi açıqlanmayıb.
Putin və Abbas sonuncu dəfə 2025-ci ilin may ayında görüşüblər. Həmin görüşdə Rusiya prezidenti Qəzza zolağında vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib və tərəflər Fələstin–İsrail münaqişəsini müzakirə ediblər. Mahmud Abbas isə Rusiyanın Fələstinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Xatırladaq ki, 10 oktyabr 2025-ci ildən etibarən İsrail və Fələstin HƏMAS qrupu ABŞ-nin hazırladığı planın birinci mərhələsi üzrə razılığa gəliblər. Noyabr ayında isə BMT Təhlükəsizlik Şurası münaqişənin ikinci mərhələsinə keçidi nəzərdə tutan, Fələstin hərəkatının tərksilah edilməsini və İsrail qoşunlarının geri çəkilməsini tələb edən qətnaməni dəstəkləyib. Bu həftə Misir Xarici İşlər Nazirliyi Qəzza üçün Fələstin idarəetmə komitəsinin yaradıldığını elan edib.
Jalə Rövşən
