Kubada təyyarə yanacağı tükənir
Dünya
09.02.2026 17:36
Kuba hakimiyyəti ölkədə təyyarə yanacağı ehtiyatlarının tükənməsi ilə bağlı beynəlxalq aviaşirkətlərə rəsmi xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə Havananın Xose Marti Beynəlxalq Hava Limanı məlumat yayıb.
Belə ki, 10 fevraldan 11 martadək ölkənin bütün beynəlxalq hava limanlarında xarici təyyarələrə yanacaq doldurulmayacaq.
Jet A-1 yanacağının çatışmazlığı səbəbindən aviaşirkətlər uçuş hava limanlarından əlavə yanacaq götürməyə, üçüncü ölkələrdə texniki enişlər etməyə və ya reysləri tamamilə ləğv etməyə məcbur qalacaqlar. Mövcud vəziyyət kommersiya və çarter uçuşlarına, yük və biznes aviasiyasına təsir göstərəcək, həmçinin ABŞ, Avropa və Latın Amerikası ilə hava əlaqələrini çətinləşdirəcək.
Yanacaq qıtlığı Kubada davam edən enerji böhranı ilə əlaqələndirilir. Bu böhran Venesueladan neft tədarükünün dayanmasından sonra daha da dərinləşib. Kuba uzun müddət Venesuela neftindən asılı olub, lakin ABŞ sanksiyaları nəticəsində bu tədarük kəsilib.
ABŞ Prezidenti Donald Tramp Kubaya neft tədarük edən ölkələrin mallarına əlavə tariflər tətbiq edən fərman imzalayıb və Havananın ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib. Ağ Ev rəhbəri Venesueladan tədarükün dayanmasından sonra Kubanın “çökmək üzrə olduğunu” bildirib.
Türkan İsgəndərli
tag: Kuba,Yanacaq,Aviaşirkət,Havana,Todaypress.tv,
