Kolumbiya prezidenti Trampın ittihamlarını rədd etdi
Dünya
05.01.2026 14:33
Kolumbiya prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampın narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlarını qətiyyətlə rədd edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, o, narkotik alverçisi olmadığını və yeganə mülkiyyətinin ailə evi olduğunu bildirib.
Petro vurğulayıb ki, bank çıxarışları açıqdır və maaşından artıq xərcləmədiyi sübut olunub.
Prezident qeyd edib ki, onun rəhbərliyi dövründə kokain qaçaqmalçılığına qarşı ciddi mübarizə aparılıb və tarixin ən böyük narkotik müsadirələri həyata keçirilib. O əlavə edib ki, Kolumbiya ordusunda hər hansı bir hərbçi ölkə bayrağı əvəzinə ABŞ bayrağını seçərsə, dərhal ordudan kənarlaşdırılacaq.
Petro bildirib ki, ABŞ Kolumbiyaya hərbi müdaxilə edərsə və ya onu həbs etməyə cəhd göstərərsə, bu, xalqın kütləvi qəzəbinə səbəb olacaq. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinə işğal halında ölkəni qorumaq tapşırığı verilib və xalq öz prezidentini müdafiə edəcək.
Xatırladaq ki, Donald Tramp daha əvvəl Kolumbiyanı narkotik istehsalında ittiham edib və Venesuelaya qarşı həyata keçirilən əməliyyata bənzər addımların Kolumbiyaya qarşı da mümkün ola biləcəyini istisna etməyib.
Jalə Rövşən
tag: ABŞ,Kolumbiya,Narkotik ,Qustavo Petro,Todaypress.tv,
