İtaliyada qaranlıqda qalan kənd günəşi satın alaraq işıqlandı
Dünya
17.01.2026 11:54
İtaliyanın Alp dağlarında yerləşən Viqanella kəndi qış aylarında 84 gün davam edən tam qaranlığa son qoymaq üçün günəşi "satın alıb".
TodayPress TV xəbər verir ki, bu barədə "Kanal 3" məlumat yayıb.
Bildirilir ki, coğrafi mövqeyinə görə hər il 11 noyabr-2 fevral tarixləri arasında günəş üzü görməyən Viqanella kəndində təxminən 1 milyon avro dəyərində mühəndislik layihəsi həyata keçirilib və kənd üzərinə düşən kölgə tarixə qovuşub.
Layihə çərçivəsində kənddən 1 kilometr aralıda yerləşən “Scagiola” dağının 1100 metr yüksəkliyində, 8 metr enində və 5 metr hündürlüyündə nəhəng polad güzgü quraşdırılıb. Xüsusi kompüter proqramı ilə idarə olunan güzgü şüaları birbaşa kənd meydanına yönləndirir.
Bu texnologiya sayəsində normalda qaranlıqda qalmalı olan kənd gündə təxminən 6 saat fasiləsiz günəş işığı ala bilir.
Keçmiş bələdiyyə sədrinin təşəbbüsü ilə reallaşdırılan layihənin məqsədi təkcə işıqlandırma olmayıb. Uzunmüddətli qaranlığın yaratdığı mövsümi depressiya və halsızlığın qarşısını almaq əsas hədəf kimi müəyyən edilib. Sistem, həmçinin kənd sakinlərinin qış aylarında evlərə qapanmasının qarşısını alaraq sosial həyatın kənd meydanında davam etməsinə şərait yaradıb.
Aysel Mətləb
tag: İtaliya,Viqanella ,Günəş,Satın,Todaypress.tv,
