Ramzan Kadırov Azərbaycanda - Səfərin gizli DETALLARI
Çeçenistan Prezidenti Ramzan Kadırovun Azərbaycana səfəri özündə böyük mesajlar daşıyır.

TodayPress TV xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli səfəri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanın haqlı mövqeyi qarşısında istənilən qeyri-hüquqi davranışı sərgiləmiş ölkələr uzun müddət tab gətirə bilmir.
“Biz ölkənin xarici siyasət praktikasında görmüşük ki, Azərbaycana qarşı yanlış edən dövlətlərin əksəriyyətinin son aqibəti ölkədən üzr istəmək, yanlışlarını etiraf etmək və onların nəticələrini aradan qaldırmaq olub. Bu mənada, Çeçenistan və Azərbaycan arasındakı münasibətlərin son iki ilində çox ciddi düyünlər var idi və hətta o dərəcədə olub ki, bu problemlər Rusiya-Azərbaycan münasibətlərinə də böyük ölçüdə təsir göstərib.
Nəticə etibarilə, Çeçenistanın yol verdiyi səhv və Azərbaycanın mülki təyyarəsinin vurulması, həmin təyyarənin Qazaxıstan ərazisində eniş edərkən qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması faktı uzun müddət müzakirə mövzusu oldu. Hətta bu mənasız və məsuliyyətsiz addım nəticəsində, Çeçenistan tərəfinin bu addımı ucbatından Rusiya-Azərbaycan münasibətləri pozuldu və Rusiya məhz bu səbəb ucbatından Azərbaycandan üzr istəmək məcburiyyətində qaldı.
Təbii ki, bizim üçün bu yanlış deyil. Çeçenistana da müəyyən mənada dövlət iradəsi baxımından Rusiya dövləti kimi baxırıq, bu mənada başa düşüləndir. Amma indiki səfərin ən önəmli tərəfi budur ki, Çeçenistan rəhbərliyi səhvlərini etiraf etdi, kompensasiyanı qəbul etdi, buna görə üzr istədi və indiki dövrdə Azərbaycana nə qədər möhtac olduqlarını biz görürük.
Eyni zamanda, Rusiya tərəfinin dəfələrlə ölkə rəhbərliyindən üzr istəməsinə paralel olaraq, Çeçenistanın yanlışa yol verən rəhbərinin Azərbaycana göndərilməsi və bilavasitə Azərbaycan tərəfindən üzr istəməsi, yanlışlarını etiraf etməsi halı ilə qarşılaşdıq. Təbii ki, Rusiya Azərbaycanın qonşusudur, bizim orada yaşayan çoxsaylı soydaşlarımız var. Azərbaycanın xüsusilə iqtisadi münasibətləri və ticari məsələləri, o cümlədən Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu və miqrantlarla bağlı məsələlər var.
Bunlar da üzərinə gəldikdə, bu münasibətlərin bərpasına böyük ölçüdə ehtiyac var idi”, – Əziz Əlibəyli bildirib.
Kübra Musayeva