İranda internet məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırılır

Dünya

17.01.2026 11:00

İranda baş verən etiraz aksiyalarından sonra tətbiq edilən internet və rabitə məhdudiyyətlərinin mərhələli şəkildə ləğv ediləcəyi bildirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Fars” xəbər agentliyi təhlükəsizlik qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, son dövrdə yaşanan təhlükəsizlik problemlərinin nəzarət altına alınmasından sonra rabitə sahəsində tətbiq olunan məhdudiyyətlərin yumşaldılmasına başlanılıb.

Qeyd olunub ki, internetə çıxışın məhdudlaşdırılması xaricdəki müxalif şəbəkələrin ölkədaxili əlaqələrini ciddi şəkildə zəiflədib və bu, hadisələrin nəzarət altına alınmasında mühüm rol oynayıb.

Plan çərçivəsində ilk mərhələdə qısa mesaj xidmətləri yenidən aktiv edilib. İkinci mərhələdə milli internet şəbəkəsinə və yerli mesajlaşma tətbiqlərinə tam çıxışın bərpa olunacağı, üçüncü mərhələdə isə beynəlxalq internetə çıxışın yenidən təmin ediləcəyi bildirilib.

Yerli mənbələrin məlumatına görə, “Eita” və “Bale” kimi yerli mesajlaşma tətbiqlərinə bir neçə gündən sonra yenidən giriş mümkün olub.

Aysel Mətləb

TodayPress TV

tag: İran,İnternet,Məhdudiyyət,Rabitə,Todaypress.tv,