İranda bir gündə nələr baş verdi? - DETALLAR

İranda bir gündə nələr baş verdi? - DETALLAR
16.08.2026 09:35 Dünya

İranda əsas gündəm mövzuları arasında hərbi sistemdə dəyişiklik, benzin təminatı, internet və VPN bazarı, vergilər, edam hökmünün icrası məsələləri yer alıb.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, ölkənin hərbi sistemində mühüm dəyişikliklə bağlı xəbər yayılıb. Bildirilir ki, Baş Qərargah ilə Xatəmül-Ənbiya Mərkəzi Qərargahının birləşdirilməsi yeni müdafiə doktrinasının əsas elementlərindən biri kimi nəzərdən keçirilir.

İranda VPN bazarının dövriyyəsi ilə bağlı da diqqətçəkən açıqlama verilib. Prezidentin icra məsələləri üzrə müavini Məhəmməd Cəfər Qaimpənah VPN satışından illik 7-12 trilyon tümən gəlir əldə edildiyini bildirib. O, bu vəsaitlərin kimə çatdığı ilə bağlı sualların olduğunu qeyd edib.

Ölkədə tütün məmulatlarına tətbiq edilən vergilərin artırılması məsələsi də gündəmə gəlib. Siqaretə 75 faizlik vergi tətbiq edilməsi təklif olunur. Məqsədin tütün məhsullarının qiymətini artırmaq və istehlakı azaltmaq olduğu bildirilir.

Kərəcdə isə ölüm hökmü icra olunub. Gülzar yolayrıcında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə məhkum edilmiş Şəhram Sadeqinin edam edildiyi açıqlanıb.

İranda ekologiya ilə bağlı da yeni təşəbbüs irəli sürülüb. Alimlər və elm tutumlu şirkətlər ölkədə su, torpaq və hava çirklənməsinin qarşısının alınması məqsədilə prezidentə yeni elmi idarəetmə modeli təklif ediblər.

Tehranda ictimai nəqliyyatın yenilənməsi istiqamətində işlərin davam etdiyi bildirilib. Paytaxtda avtobus xətlərinin 82 faizinin yeniləndiyi, payızadək əlavə yeni avtobusların xəttə buraxılacağı açıqlanıb.

İranda ərzaq talonlarının yeni mərhələsi də başlayıb. Milli kodunun son rəqəmi 3, 4, 5 və 6 olan ailə başçılarının elektron talon hesablarına vəsait bu səhər yüklənib.

Xürrəmabadda gecə saatlarında silahlı şəxslə bağlı insident də qeydə alınıb. Məlumata görə, silahlı şəxs zərərsizləşdirilib.

Gülüstan əyalətində isə mobil rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı sakinlərin narazılığı hökumət səviyyəsində gündəmə gətirilib.

Urmiya-Salmas yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Məlumata görə, avtomobil yolun qoruyucu baryerinə çırpılıb.

Məşhəddə zəvvarlara göstərilən tibbi xidmətlərin sayı da açıqlanıb. Şəhərdə ümumilikdə 180 min 304 tibbi xidmət göstərildiyi bildirilib.

Tehranda yaşıllıq ərazilərinin vəziyyəti ilə bağlı problem də diqqət çəkib. Sədra yaşayış kompleksində təxminən 6 hektar ərazidə ağacların quruduğu bildirilir. Sakinlər bunu uzun müddətdir davam edən suvarma problemi ilə əlaqələndirirlər.

Benzin təminatı ilə bağlı müxtəlif variantlar da müzakirə olunur. Avtomobili olmayan ailələrə belə ayda 30 litr yanacaq kvotası ayrılması və bu kvotanın bank kartlarına köçürülməsi təklifləri gündəmdədir.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər