İqlimin yeni qurbanları: Pinqvinlərin çoxalma mövsümü dəyişir
Dünya
21.01.2026 16:55
Antarktikada yaşayan bir neçə pinqvin növü iqlim dəyişiklikləri səbəbindən çoxalma mövsümünü xeyli erkən tarixlərə keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” nəşri Oksford Universiteti nəzdində fəaliyyət göstərən “Penguin Watch” layihəsinin alimlərinə istinadla məlumat yayıb.
Araşdırmanın nəticələrinə görə, "Adelie", "Helmet" və "Gentoo" pinqvinləri kimi üç əsas növdə çoxalma dövrü 10 il əvvəlki dövrlə müqayisədə üç həftədən çox irəli çəkilib. Məlumatlar Antarktika yarımadası və ona bitişik adalarda yerləşən 37 koloniyada quraşdırılmış müşahidə kameraları vasitəsilə toplanıb.
Alimlər bu dəyişiklikləri Antarktikanın sahilyanı bölgələrində sürətlə artan temperaturla əlaqələndirirlər.
Bildirilib ki, pinqvinlərin yuva qurma ərazilərində illik orta temperatur artımı təxminən 0,3°C təşkil edib ki, bu da Antarktika üzrə orta göstəricidən təxminən dörd dəfə yüksəkdir. Bu istiləşmə pinqvinləri çoxalma və qidalanma vaxtlarını dəyişməyə vadar edir.
Alimlər xəbərdarlıq edirlər ki, bu proses balaların sağ qalma ehtimalına ciddi təsir göstərə bilər. Belə ki, mövsümi dəyişikliklər əsas qida mənbəyi olan krilin maksimum mövcudluğu ilə üst-üstə düşməyə bilər.
Tədqiqat göstərir ki, ekstremal ekosistemlərdə yaşayan canlılar artıq ətraf mühitdəki sürətli dəyişikliklərə uyğunlaşmağa çalışır, lakin istiləşmə bu templə davam edərsə, adaptasiya imkanları kifayət etməyə bilər.
Aysel Mətləb
tag: Antarktika,Pinqivin,Çoxalma,İqlim,İstiləşmə,Todaypress.tv,
