Honq Konq yanğınında ölənlərin sayı 128-ə çatdı, 8 nəfər həbs olundu
Dünya
29.11.2025 04:00
Honq Konqda hündürmərtəbəli Vanq Fuk yaşayış kompleksində baş verən və son 80 ilin ən ağır yanğını hesab edilən hadisədə ölənlərin sayı 128-ə yüksəlib, təxminən 200 nəfər isə hələ də itkindir.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, xilasetmə əməliyyatları yekunlaşıb, lakin səlahiyyətlilər yeni cəsədlərin tapılmasını istisna etmirlər.
Honq Konqun Korrupsiyaya Qarşı Müstəqil Komissiyası təmir layihəsində mümkün korrupsiya halları ilə bağlı 8 nəfəri – mühəndis məsləhətçilərini, subpodratçıları və vasitəçiləri həbs edib.
Qeyd edək ki, bundan əvvəl polis kompleksdə təhlükəli yanar materiallardan istifadə ittihamı ilə iki direktor və bir mühəndisi saxlamışdı.
Təhlükəsizlik rəisi Chris Tang bildirib ki, yanğın siqnalları işləməyib və təmir zamanı binaların üzərinə çəkilən bambuk iskele-lərlə yaşıl hörgü yanğının sürətlə yayılmasına səbəb olub. 79 nəfər, o cümlədən 12 yanğınsöndürən yaralanıb.
Hadisə yerində sakinlər yanan evlərinin qalıqlarını axtarır, yaxınlarını itirən ailələr isə şəxsiyyətin müəyyən edilməsi üçün təqdim olunan fotoşəkillərə baxır. İtkinlər arasında Filippin və İndoneziyadan olan ev işçiləri də var. Onlardan 19-u hələ tapılmayıb.
Həmçinin yüzlərlə könüllü qurbanlar üçün dəstək düşərgəsi qurub, zəruri əşyaların paylanmasını təşkil edir.
Honq Konq hökuməti zərərçəkənlər üçün 300 milyon HKD (təxminən 39 milyon dollar) yardım fondu ayıracağını açıqlayıb.
Qeyd olunub ki, yanğın 1948-ci ildən bəri şəhərdə baş verən ən ölümcül faciə hesab olunur və Grenfell Tower fəlakəti ilə müqayisə edilir.
Jalə Rövşən
tag: Honq Konq ,Yanğın ,Vanq Fuk yaşayış kompleksi,Chris Tang,Todaypress.tv,
