Hakan Fidan İran və Qətər rəsmiləri ilə atəşkəsi müzakirə etdi

Dünya

08.04.2026 16:02

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran və Qətərin yüksək səviyyəli rəsmiləri ilə telefon danışıqları aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Danışıqlarda ABŞ və İran arasında əldə olunmuş iki həftəlik atəşkəs rejimi və bunun davamlı sülhə çevrilməsi yolları müzakirə edilib.

Agentlik diplomatik mənbələrə istinadən xəbər verir ki, Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə söhbətində Ankaranın müvəqqəti atəşkəsdən məmnunluğunu ifadə edib. O, Türkiyənin bölgədə daimi sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Mənbələrin bildirdiyinə görə, Fidan atəşkəsin uzunmüddətli və dayanıqlı həllə çevrilməsinin vacibliyini qeyd edib və bu istiqamətdə aktiv fəaliyyət göstərəcəklərini bildirib.

Türkiyəli nazir həmçinin Qətərin Baş naziri və xarici işlər naziri Muhammed bin Əbdulrəhman Əl Tani ilə də telefon danışığı aparıb. Tərəflər müvəqqəti atəşkəsin davamlı regional sülhə çevrilməsi üçün atılmalı addımlar ətrafında fikir mübadiləsi aparıblar.

Türkan İsgəndərli

TodayPress TV

tag: Türkiyə,İran,Qətər,XİN,Todaypress.tv,