Gunvor Lukoil-in aktivlərini almaqdan imtina etdi

Dünya

07.11.2025 09:31

Neft ticarəti şirkəti Gunvor, ABŞ Maliyyə Nazirliyinin lisenziya verməkdən imtina etməsindən sonra Lukoil-in xarici aktivlərini almaq planından geri çəkildiyini açıqlayıb.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, şirkət sosial şəbəkə hesabı X-də yayımladığı bəyanatda ABŞ-nin Gunvor-un Rusiya ilə əlaqələri barədə iddialarını “qeyri-dəqiq və yalan” adlandırıb.

Gunvor bildirib ki, şirkət bu məsələdəki anlaşılmazlığı aradan qaldırmaq niyyətindədir, lakin hazırkı şəraitdə Lukoil-in xarici aktivlərini almaqdan imtina edir.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Gunvor-a biznes fəaliyyəti üçün lisenziyanın Ukraynadakı münaqişə bitənədək verilməyəcəyini bildirmiş və şirkətin Rusiyanın nəzarətində olduğunu iddia etmişdi.

Qeyd olunur ki, oktyabr ayında ABŞ və Böyük Britaniya Lukoil-i sanksiya siyahısına daxil etmişdi. ABŞ sanksiyaları Xəzər Boru Kəməri Konsorsiumu və Tengizchevroil, Böyük Britaniya sanksiyaları isə Qarabağ və Şahdəniz layihələri ilə əməkdaşlığa təsir etmir.

Eyni zamanda Lukoil bunun ardından xarici aktivlərini satmaq niyyətini açıqlamış, Gunvor isə şirkətin xarici bölmələrini idarə edən Lukoil International GmbH-ni almaq təklifi təqdim etmişdi.

Qazaxıstan hökuməti də Lukoil-ə tətbiq olunan sanksiyaların təsirini araşdırdığını bildirib.

Jalə Rövşən

TodayPress TV

tag: Gunvor,Lukoil,Lisenziya ,ABŞ,Todaypress.tv,