Gecə İsrail qırıcıları havalandı, İran səmasını blokladı - Kəşfiyyat Tehrandakı boşluqların xəritəsini çıxardı
Dünya
23.05.2026 21:47
Yaxın Şərqdə artan gərginlik fonunda İranın qərb hava məkanını bağlaması və bölgədə qeyri-adi hərbi aktivliyin müşahidə olunması diqqət çəkib.
TodayPress TV xəbər verir ki, beynəlxalq müşahidəçilər mayın 22-də region səmasında baş verən hadisələrin rəsmi şəkildə izah edilmədiyini bildirirlər.
Məlumata görə, İran yüksək hazırlıq vəziyyətinə keçib, hər iki tərəfdə döyüş təyyarələri havaya qaldırılıb. İsrail təyyarələrinin Suriya və İraq üzərində izlənildiyi, həmçinin İsraildən havaya yanacaqdaşıyan tanker təyyarələrinin qalxdığı qeyd olunub. Bununla yanaşı, İsrail, BƏƏ və Körfəz bölgəsində eyni anda GPS siqnallarında ciddi pozuntular qeydə alınıb.
Analitiklər hadisələrlə bağlı iki əsas ehtimal irəli sürür:
Birinci ehtimala görə, İsrail İranın hava hücumundan müdafiə sistemlərini real vaxt rejimində izləyərək onların radar siqnalları, yerləşmə nöqtələri və reaksiya müddətlərini qeydə alıb. Digər versiyada isə bunun Tehrana yönəlmiş siyasi və hərbi mesaj olduğu bildirilir.
Məlumatlarda İranın Vaşinqtonun imzasını gözləyən anlaşma memorandumu hazırladığı, ABŞ Prezidenti Donald Trampın isə Ağ Evdə vəziyyəti nəzarətdə saxladığı qeyd olunur.
Müşahidəçilər hesab edir ki, bölgədə baş verən son hadisələr ya genişmiqyaslı kəşfiyyat əməliyyatı, ya da mümkün qarşıdurma öncəsi ciddi xəbərdarlıq xarakteri daşıyır.
Aysel Mətləb
tag: Yaxın Şərq,ABŞ,İsrail,İran,TodayPress TV,
