Fransa və Avropa ölkələri Ukrayna məsələsində fikir ayrılığı yaşayır

Dünya

06.01.2026 18:15

Ukraynaya yardım məsələsində “könüllülər koalisiyası” daxilində ciddi fikir ayrılıqları yaranıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti yazıb.

Məlumata görə, Parisdə Ukraynaya dəstək verən ölkələrin nümayəndələrinin toplantısı keçirilib. Görüşdə Skandinaviya və Baltikyanı ölkələr Fransa, Almaniya və Böyük Britaniyanı Kiyevə kifayət qədər yardım göstərməməkdə ittiham ediblər. Rusiya ilə həmsərhəd olan dövlətlər Avropanın ən böyük iqtisadiyyatları ilə müqayisədə daha ağır maliyyə yükü daşıdıqlarını bildiriblər.

Qəzet qeyd edir ki, Baltikyanı ölkələr, eləcə də İsveç, Finlandiya, Polşa və Hollandiya Ukraynaya ən fəal dəstək verən ölkələr sırasındadır. Bu ölkələrin liderləri qeyri-rəsmi şəkildə Fransa, Almaniya və Böyük Britaniyanı yardımı artırmağa çağırıblar. İtaliya və İspaniyanın isə Ukraynaya ən az yardım göstərən ölkələr arasında olduğu vurğulanır.

Məlumata görə, Fransa, Böyük Britaniya və İtaliya ABŞ istehsalı olan silahların Ukrayna üçün alınmasında iştirakdan imtina edib ki, bu da tərəfdaş ölkələrin narazılığına səbəb olub.

ABŞ-da Donald Trampın yenidən hakimiyyətə qayıtmasından sonra Vaşinqtonun Kiyevə birbaşa maliyyə dəstəyini azaltdığı, əsas yükün isə Avropa ölkələrinin üzərinə düşdüyü bildirilir. Bu şəraitdə ekspertlər Parisdəki görüşdən Ukraynaya yardımın daha ədalətli bölüşdürülməsi ilə bağlı konkret razılaşma çıxacağına şübhə ilə yanaşırlar.

“Le Figaro”nun yazdığına görə, görüşün əsas nəticəsi ABŞ-la əlaqələrin koordinasiyası üçün ayrıca bir qrupun yaradılması ola bilər. Daha əvvəl mediada ABŞ Prezidentinin elçisi Stiven Vitkoff və Cared Kuşnerin də Parisdəki toplantıda iştirak edəcəyi barədə məlumat yayılmışdı.

Jalə Rövşən

TodayPress TV 

tag: Fransa ,Avropa ,“könüllülər koalisiyası”,Ukrayna ,Todaypress.tv,