Fransa hakimiyyəti "Grinch" tankerini sərbəst buraxdı

Dünya

17.02.2026 15:33

Fransa hakimiyyəti, Rusiyadan yola düşən "Grinch" tankerinin həbs orderini ləğv edərək, gəminin ölkənin ərazi sularını tərk etməsinə icazə verib.

TodayPress TV  "TASS"a istinadən xəbər verir ki, Buş-dü-Ron departamentinin prefekti gəmiyə qoyulan məhdudiyyətləri qaldırıb.

Departament həmçinin qeyd edib ki, gəmi Fransanın ərazi sularını tərk edənə qədər səlahiyyətli xidmətlər tərəfindən izlənilib.

Prokurorluq tərəfindən verilən bəyanatda həmçinin, gəminin sahibinin sadələşdirilmiş məhkəmə proseduru ilə bayrağının olmaması səbəbindən açıqlanmayan məbləğdə cərimələndiyi bildirilib. Həmçinin qeyd olunub ki, şirkət bayrağı ən qısa müddətdə tankerin üzərinə qaldırmağı öhdəsinə götürüb.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron yanvar ayında Murmanskdan yola düşən tankerin saxlanıldığını elan etmişdi. Aralıq Dənizi Dənizçilik Prefekturasının məlumatına görə, "Grinch" gəmisinin yoxlanılması zamanı onun qeydiyyat məlumatlarında milliyyəti ilə bağlı uyğunsuzluq aşkar edilib və buna görə də gəmi lövbər salmağa aparılıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, "Grinch" tankerinin Rusiya ilə heç bir əlaqəsi yoxdur. O, gəminin sahibinin Marşal adalarında qeydiyyatdan keçmiş şirkət olduğunu və heyət üzvlərinin Hindistan vətəndaşlarından ibarət olduğunu vurğulayıb. Diplomat əlavə edib ki, Moskva naviqasiya azadlığına hər hansı bir müdaxiləni qəbuledilməz hesab edir.

Jalə Rövşən 

TodayPress TV

tag: Fransa, "Grinch" tankeri, Mariya Zaxarova,Emmanuel Makron ,Todaypress.tv,