Ermənistanda seçki saxtakarlığı - Beş nəfər saxlanıldı
Dünya
29.04.2026 23:30
Ermənistanda seçki rüşvətinin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" Partiyası adından fəaliyyət göstərən daha beş nəfər həbs edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qurumun məlumatına görə, əməliyyat-istintaq tədbirləri nəticəsində "Güclü Ermənistan" Partiyası adından çıxış edən bir qrup şəxsin 7 iyun 2026-cı ildə Ermənistanın Milli Assambleyasına keçiriləcək seçkilərdə həmin siyasi qüvvəyə səs vermək şərti ilə vətəndaşlara rüşvət, o cümlədən gizli formada pul təklif etməsi barədə məlumat əldə edilib.
Komitədən həmçinin bildirilib ki, iş iştirakçılarının ayrı-ayrı hərəkətləri seçki kampaniyası dövründə xeyriyyəçiliyə qoyulan qadağanın pozulması, eləcə də vətəndaşların mitinqlərdə iştirak etməsi üçün maliyyə yolları ilə həvəsləndirilməsi ilə bağlı olub.
Bildirilib ki, cinayət icraatı çərçivəsində bir sıra axtarışlar aparılıb, bundan sonra isə beş nəfər həbs edilib.
Xatırladaq ki, aprelin 16-da Ermənistanda seçki rüşvətinin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində "Güclü Ermənistan"ın 14 üzvü saxlanılıb. Daha sonra "Güclü Ermənistan" Partiyasının 12 tərəfdarı ev dustaqlığına məhkum edilib.
tag: Ermənistan,Seçki, Həbs, Saxtakarlıq,todaypress.tv,
