Ərdoğan–Tramp danışığında "F-35" və "F-16" məsələsi gündəmdə olacaq

Dünya

05.01.2026 11:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında bazar ertəsinə planlaşdırılan telefon danışığının əsas mövzularından biri ABŞ istehsalı olan "F-35" və "F-16" qırıcılarının alınması olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Tramp daha əvvəl Vaşinqtonun Türkiyəyə "F-35" satışı imkanlarını nəzərdən keçirdiyini bildirib və Ankaranın bu təyyarələrdən İsrailə qarşı istifadə etməyəcəyinə əmin olduğunu vurğulayıb.

Mənbənin məlumatına görə, liderlər, həmçinin CAATSA çərçivəsində tətbiq edilmiş sanksiyaların ləğvini, Türkiyə Silahlı Qüvvələri üçün F-16 və F-35 təyyarələrinin tədarükünü, Halkbank işi, eləcə də kürd SDF birləşmələrinin Suriya ordusuna inteqrasiyası məsələsini müzakirə edəcəklər.

"Hürriyet" yazır ki, danışıqların ayrıca mövzularından biri də Qəzza sektorundakı vəziyyət ola bilər. Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri zamanı Tramp ilə Fələstin anklavı üzrə razılaşmaların ikinci mərhələsinə keçidi müzakirə edib. Gündəmdə Türkiyə hərbi kontingentinin Qəzzaya mümkün göndərilməsi məsələsi də qalır.

Qiymət Mahir

tag: Türkiyə ,Rəcəb Tayyib Ərdoğan,Donald Tramp,ABŞ ,Todaypress.tv,