Eçmiədzin Paşinyana xəbərdarlıq etdi
Dünya
05.01.2026 15:00
Müqəddəs Eçmiədzin Ana Taxtı Ermənistanın Baş naziri Nikol Paşinyanın və onu dəstəkləyən bir qrup yepiskopun addımlarının Erməni Apostol Kilsəsində parçalanma təhlükəsi yaratdığı barədə xəbərdarlıq edib.
TodayPress TV "Sputnik Ermənistan" a istinadən xəbər verir ki, bu barədə Eçmiədzinin mətbuat ofisinin yaydığı açıqlamada bildirilib.
Məlumata görə, baş nazir kilsə məsələlərini həll etmək adı altında kilsənin daxili işlərinə müdaxilə edir, bu isə kilsənin hüquqlarının pozulması və Konstitusiyaya zidd hesab olunur. Bəyanatda həmçinin bəzi yepiskopların bu proseslərdə iştirakının və ruhanilərə təzyiqlərin qəbuledilməz olduğu vurğulanıb.
Qeyd olunub ki, kilsə həyatı ilə bağlı məsələlər yalnız mövcud kilsə qurumları çərçivəsində və kanonik qaydalara uyğun şəkildə müzakirə edilə bilər. Eçmiədzin bildirib ki, bu cür qərarlar özünü elan etmiş strukturlara həvalə oluna bilməz.
Açıqlamada o da qeyd edilib ki, adı çəkilən on yepiskop Eçmiədzin Ana Taxtının dəfələrlə etdiyi çağırışlara cavab verməyib və bütün ermənilərin katolikosu II Qareginlə və Ali Ruhani Şura ilə görüşlərdən yayınırlar. Mətbuat ofisi xəbərdarlıq edib ki, bu cür addımlar kilsədə ciddi parçalanmaya və ağır nəticələrə səbəb ola bilər.
Xatırladaq ki, Nikol Paşinyan dekabrın 8-də Ermənistan Apostol Kilsəsinin “yenilənməsi” ilə bağlı plan təqdim edib, yanvarın 4-də isə on yepiskopla birlikdə bu istiqamətdə “yol xəritəsi” adlı sənəd imzalayıb. Paşinyan bildirib ki, planın icrasına bütün ermənilərin katolikosu II Qareginin istefasından sonra başlanmalıdır.
Jalə Rövşən
tag: Eçmiədzin ,Nikol Paşinyan, Ermənistan,Erməni Apostol Kilsəsi,Todaypress.tv,
