Dərs vaxtı məktəbə bomba düşdü - Sumıda dəhşətli anlar
Ukraynanın Sumı şəhərinə dörd idarəolunan aviasiya bombası (KAB) atılıb, zərbə məktəb binasına da dəyib.
TodayPress TV xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov "Telegram" kanallarında məlumat yayıblar.
Zelenski bildirib ki, hazırda Sumıda bütün xidmətlər Rusiyanın aviazərbə endirdiyi ərazidə işləyir.
"Dörd KAB şəhərin mərkəzinə, birbaşa dərslərin davam etdiyi məktəb binasına dəyib. Müəllimlərə və məktəb rəhbərliyinə təşəkkür edirəm, uşaqlar və müəllimlər sığınacaqda olublar, ümumilikdə 100 nəfər vaxtında təxliyə edilib", - deyə o qeyd edib.
Liderin sözlərinə görə, fərdi yaşayış sektorunda da zədələnmələr var. İki nəfərin həlak olduğu məlumdur. Altı nəfər yaralanıb, onların arasında üç uşaq var.
Qriqorov əlavə edib ki, həlak olan Sumı sakinləri fərdi yaşayış sektorundakı öz evlərində olublar.
Aysel Mətləb