"ChatGPT"dən məsləhət istədi, həyatını itirdi

Dünya

08.01.2026 10:09

Kaliforniyada yaşayan 19 yaşlı psixologiya tələbəsi Sam Nelson "ChatGPT"dən aldığı təhlükəli maddə qarışıqları ilə bağlı tövsiyələrdən sonra həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə mərhumun anası Layla Turner-Scott tərəfindən paylaşılan 18 aylıq yazışma tarixçəsinə istinadən məlumat yayılıb.

Bildirilib ki, süni intellekt sistemi gənci müxtəlif maddələri qarışdırmağa yönləndirib və bu proseslərin “təhlükəsiz” olduğu barədə ona təminat verib.

Gənc opioidə bənzər təsirləri olan kratom ilə sakitləşdirici təsirə malik "Xanax" dərmanını birlikdə qəbul etmək üçün süni intellektdən məsləhət istəyib.

Bot Nelsonun artıq 15 qram kratom qəbul etdiyini nəzərə alaraq, yaranan ürəkbulanmanı azaltmaq üçün "Xanax" istifadə edə biləcəyini deyib və dozaya dair tövsiyə verib.

26 may tarixli bir yazışmada isə bot daha güclü halüsinasiyalar görməsi üçün gəncə öskürək siropunun dozasını ikiqat artırmağı məsləhət görüb.

Sam Nelson 31 may tarixində yataq otağında anası tərəfindən ölü halda tapılıb. İki həftə sonra açıqlanan toksikoloji hesabatda ölümün səbəbi kimi alkoqol, "Xanax" və kratomun ölümcül kombinasiyası göstərilib.

Müəyyən edilib ki, bu qarışıq mərkəzi sinir sistemini həddindən artıq dərəcədə zəiflədərək boğulmaya səbəb olub.

Tərtibatçı şirkət "OpenAI" isə hadisəni “faciəvi vəziyyət” kimi qiymətləndirərək ailənin ağrısını paylaşdıqlarını bildirən qısa açıqlama yayıb.

Qeyd edək ki, bu hadisə süni intellekt sistemlərinin təhlükəsizlik baryerlərinin nə qədər asan keçilə biləcəyi və sağlamlıq ilə maddə istifadəsi mövzularında verdiyi məlumatların təhlükəlilik səviyyəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Aysel Mətləb

TodayPress TV

tag: ChatGPT,Gənc,Ölüm,Məsləhət,Todaypress.tv,