Cənubi Koreya ilə Ukrayna arasında nə baş verir?

Cənubi Koreya ilə Ukrayna arasında nə baş verir?
08.10.2026 19:03 Dünya

Cənubi Koreya Ukraynadan səfirini geri çağırmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, söhbət 2025-ci ilin yanvarında Rusiyanın Kursk vilayətində gedən döyüşlər zamanı Ukrayna qüvvələri tərəfindən əsir götürülən iki Şimali Koreya hərbçisindən gedir.

Hərbi əsirlərin Cənubi Koreyaya təhvil verilməsi barədə məlumatı sentyabrın 23-də BMT Baş Assambleyasındakı çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb. Bundan sonra Seul Kiyevi təhvilvermə ilə bağlı məlumatın ictimaiyyətə açıqlanmaması barədə razılaşmanı pozmaqda ittiham edib.

Cənubi Koreya hakimiyyəti məxfiliyin hərbçilərin və Şimali Koreyada yaşayan yaxınlarının təhlükəsizliyi üçün vacib olduğunu bildirib. Ölkə kəşfiyyatının məlumatına görə, hərbi əsirlərin təhvil verilməsi barədə məlumatın gizli saxlanılmasını ilk olaraq Ukrayna təklif edib.

Lakin Kiyev məlumatın açıqlanmaması ilə bağlı hər hansı razılaşmanın olduğunu təkzib edir. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa daha əvvəl vəziyyəti diplomatik anlaşılmazlıq adlandırıb və Kiyevin məsələnin tezliklə həll olunacağına ümid etdiyini bildirib.

Seul Ukraynadan rəsmi izahat və üzr istəyib. Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bildirib ki, ukraynalı həmkarından üzr istənilən mesaj alıb, lakin Cənubi Koreya tərəfi bununla kifayətlənməyib.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi fikir ayrılıqlarının həll olunacağını gözlədiyini və Kiyevlə məsləhətləşmələri davam etdirəcəyini açıqlayıb. Bununla yanaşı, səfir Pak Ki Çanın Seula qayıdacağı dəqiq tarix açıqlanmayıb.

Aysel Mətləb

FOTOLAR

Cənubi Koreya ilə Ukrayna arasında nə baş verir? — 1
XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər