Cənubi Koreya ABŞ ilə tarif razılaşmasına sadiq qalacağına söz verir

Dünya

27.01.2026 12:56

Cənubi Koreya hökuməti ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya avtomobillərinə rüsumları yenidən 15%-dən 25%-ə qaldırmaq planlarını nəzərə alaraq, tarif sazişlərinə sadiqliyini ABŞ-yə çatdırmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə Cənubi Koreya liderinin administrasiyası məlumat verib.

Məlumata görə, Administrasiyanın Milli Siyasət Ofisinin direktoru Kim Yonq-bum, Milli Təhlükəsizlik üzrə müşavir Vi Sunq-lak, Koreya Respublikasının ticarət nümayəndəsi Yo Han-qu, maliyyə nazirinin birinci müavini Li Hyun-il, xarici işlər nazirinin ikinci müavini Kim Cin-a da daxil olmaqla yüksək vəzifəli şəxslərin iştirakı ilə görüş keçirilib.

Cənubi Koreya rəsmiləri Trampın tarif artımları ilə bağlı açıqlamasını müzakirə ediblər. 

"Artan tariflərin qüvvəyə minməsi üçün Federal Reyestrdə dərc olunma kimi inzibati tədbirlər tələb olunduğundan, hökumətimiz ABŞ-yə tarif razılaşmalarına əməl etməyə hazır olduğunu və vəziyyətə sakit şəkildə cavab verəcəyini bildirməyi planlaşdırır", - deyə prezident administrasiyası qeyd edib.

Sənaye və Ticarət naziri Kim Çen Kvanın danışıqlar aparmaq üçün ABŞ-yə gedəcəyi bildirilib.

Xatırladaq ki, Tramp yanvarın 26-da Cənubi Koreyadan gələn bəzi mallara, o cümlədən avtomobillərə tarifləri yenidən qaldırmaq planlarını açıqlayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Cənubi Koreya,ABŞ,Tramp,Rüsum,Todaypress.tv,