Britaniya XİN-in sabiq “baş siçan ovçusu” vəfat etdi

Dünya

15.02.2026 10:15

Britaniya Xarici İşlər Nazirliyinin sabiq “baş siçan ovçusu” Palmarston fevralın 12-də vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə onun “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.

Bildirilib ki, Palmarston sakit şəkildə dünyasını dəyişib. “The Guardian” nəşrinin məlumatına görə, o, Bermud adalarında ölüb.

Palmarston "Battersea Dogs & Cats Home" sığınacağından götürülmüş və 2016-cı ildə Böyük Britaniyanın Xarici İşlər Nazirliyində “baş siçan ovçusu” vəzifəsinə başlamışdı. O, dörd il Uaythollda xidmət etdikdən sonra 2020-ci ildə istefaya çıxmışdı.

2025-ci ilin fevralında onun hesabında yayılan məlumatda Palmarstonun “pensiyadan qayıdaraq” Bermud adalarının yeni qubernatoru yanında “pişik münasibətləri” üzrə məsləhətçi kimi fəaliyyətə başladığı qeyd olunmuşdu.

2020-ci ildə istirahətə yollanarkən onun adından Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin daimi müavininə məktub ünvanlanmışdı. Məktubda pandemiya dövründə evdən işlədikdən sonra ictimai diqqətdən kənarda daha sakit həyat sürmək istədiyi bildirilib.

Qeyd edək ki, pişiklər uzun illərdir Britaniya siyasi ənənəsinin bir hissəsidir. Baş nazir Uinston Çörçillin Nelson adlı pişiyi olub. Həmçinin Hamfri Marqaret Tetçer və Con Meycor hökumətləri dövründə, eləcə də qısa müddət Toni Blerin hakimiyyəti zamanı “baş siçan ovçusu” kimi fəaliyyət göstərib.

Hazırda Dauninq-strit iqamətgahının əsas siçan ovçusu olan Larri isə xidmətinin 15-ci ilini qeyd edir. O da Battersea sığınacağından götürülüb və altı baş nazir dövründə çalışaraq Britaniya siyasətində varisliyin simvollarından birinə çevrilib.

Qiymət Mahir

tag: Britaniya ,Bermud,Palmarston ,Pişik,TodayPress TV,