Braziliyada piranhalar insanlara kütləvi hücum etdi

Dünya

27.01.2026 19:30

Braziliyanın şimal-şərqindəki Paraguacu çayında piranhaların hücumu nəticəsində ən azı on nəfər xəsarət alıb.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, hadisə 2000-ə qədər insanın ziyarət etdiyi məşhur istirahət zonasında baş verib.

Piranhaların dişləmələrinin əksəriyyəti ayaq və topuq nahiyələrində olub.

Hücumlardan sonra yerli hakimiyyət orqanları çay sahəsini üzgüçülük üçün müvəqqəti olaraq bağlayıb. Onlar həmçinin xəbərdarlıq nişanları quraşdırmağı və hücumların səbəbini müəyyən etmək üçün texniki araşdırma aparmağı planlaşdırırlar.

Ərazidə fəaliyyət göstərən çimərlik köşkünün nümayəndələri yaralılara ilk tibbi yardım göstərdiklərini və onları yaxınlıqdakı tibb müəssisələrinə yönləndirdiklərini bildiriblər. Hadisədən sonra müəssisə adi haldan tez bağlanıb və çimərlik xidmətləri müvəqqəti dayandırılıb.

Yerli ekoloq bildirib ki, piranhalar Paraguacu çayının adi sakinləridir, lakin insanlara hücumlar nadir hallarda baş verir. O, heyvanları stressə salan yüksək su temperaturunun balıqların aqressiv davranışının səbəbi ola biləcəyini vurğulayıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Piranhalar,Paraguacu,Braziliya,Hücum ,Todaypress.tv,