Belarusda döyüş hazırlığı yoxlanılır

Dünya

28.01.2026 16:05

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkə Prezidenti Aleksandr Lukaşenkoya silahlı qüvvələrin döyüş hazırlığının genişmiqyaslı və qəfil yoxlanışının gedişi barədə məruzə edib.

TodayPress TV xəbər verir ki, "BelTA" agentliyinin məlumatına görə, dövlət başçısına yoxlanışın xüsusiyyətləri və aralıq nəticələri, şəxsi heyətin və texnikanın tapşırıqların öhdəsindən necə gəldiyi, maddi-texniki təminatın və ehtiyatların saxlanmasının təşkili barədə ətraflı məlumat verilib.

Lukaşenko xüsusilə çətin hava şəraitində şəxsi heyətin yerləşdirilməsi, məişət şəraiti və lazımi geyimlə təminat məsələləri ilə maraqlanıb.

Belarus Prezidenti müasir hərbi münaqişələrdən əldə olunan təcrübənin ölkənin meşəlik–bataqlıq relyefinə uyğun tətbiqinə diqqət çəkib və yoxlanış tədbirlərinin növbəti mərhələləri üzrə tapşırıqlar verib. Qeyd olunur ki, yoxlanış 2026-cı ilin yazınadək davam edəcək və yekunda aşkar edilən çatışmazlıqların aradan qaldırılması, silahlı qüvvələrin təkmilləşdirilməsi, şəxsi heyətin hazırlığı və təliminin korrektəsi üçün detallı təhlil aparılacaq.

Volfoviç bildirib ki, hazırda aralıq analiz aparılır, yoxlanış başa çatdıqdan sonra isə problemli məqamlar üzrə geniş hesabat hazırlanaraq Ali Baş Komandana təqdim olunacaq. Onun sözlərinə görə, nəticələr Belarus ordusunun inkişafının əsasını təşkil edəcək.

Qiymət Mahir

tag: Lukaşenko ,Belarus,Ordu,Hərbi,Todaypress.tv,