Bakı-Tbilisi-Qars qatarları Çinə qədər gedə bilər - TƏKLİF

Bakı-Tbilisi-Qars qatarları Çinə qədər gedə bilər - TƏKLİF
03.07.2026 18:24 Dünya

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakı-Tbilisi-Qars dəmiryolunun modernləşdirilməsindən sonra işə salınmasını alqışlayıb və onun tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu magistralı ilə birləşdirilməsi məsələsinin işlənib-hazırlanmasını təklif edib.

TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, bu bəyanat Şavkat Mirziyoyevin Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı səsləndirilib.

Bakı-Tbilisi-Qars dəmiryolu Çinə qədər uzanacaq?

Tərəflər nəqliyyat-tranzit əməkdaşlığının gücləndirilməsini və bu sahədə iki ölkənin potensialından tam istifadə etmək üçün əlverişli şəraitin yaradılmasını müzakirə ediblər. Özbəkistana məxsus yüklərin daşınması prosesində "Batumi" və "Poti" dəniz limanlarının infrastrukturundan daha geniş istifadə edilməsi vurğulanıb. Həmçinin Özbəkistan mallarının sərgilənəcəyi şouruma sahib logistika mərkəzinin və sənaye zonasının qurulması niyyəti müsbət qarşılanıb.

Nəqliyyat məsələləri ilə yanaşı, Ş.Mirziyoyev və İ.Kobaxidze ticari-iqtisadi, investisiya, sənaye, turizm və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə ediblər.

Danışıqların yekunlarına əsasən, tərəflər qarşıdakı illər ərzində ticarət dövriyyəsinin həcminin bir milyard ABŞ dollarına yüksəldilməsi, ticarət sahəsindəki disbalansın aradan qaldırılması və məhsulların qarşılıqlı tədarükünün artırılmasını hədəfləyən xüsusi "yol xəritəsi"nin tərtib olunması ilə bağlı razılıq əldə ediblər.

Bundan əlavə, aqrar, enerji, elektrotexnika, əczaçılıq, qida və yüngül sənaye, tikinti materiallarının istehsalı, rəqəmsallaşdırma, informasiya texnologiyaları (İT), rəqəmsal bankçılıq və turizm sektorlarında müştərək layihələrin icrası barədə razılaşmalar qəbul edilib. Bu layihələrin dəstəklənməsi məqsədilə ortaq investisiya fondunun qurulması təklifi irəli sürülüb.

Eyni zamanda, Gürcüstanda Özbəkistan səfirliyinin təsis edilməsi barədə qərar qəbul olunub. Danışıqların yekunları üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dair birgə yol xəritəsi hazırlanacaq.

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər