Avstraliyada sosial şəbəkə qadağası: Milyonlarla hesab silindi
Dünya
16.01.2026 19:15
Avstraliyada 16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə qadağa tətbiq edildikdən sonra azı 4,7 milyon uşaq və yeniyetməyə məxsus hesab deaktiv edilib və ya silinib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin internet tənzimləyicisi “eSafety” tərəfindən yayımlanan rəsmi məlumatlarda qeyd olunub.
Bildirilib ki, 2025-ci il dekabrın 10-dan etibarən Avstraliya ərazisində fəaliyyət göstərən sosial media şirkətləri uşaqlara və yeniyetmələrə aid 4,7 milyon hesabın girişini bağlayıb. Komissiyanın rəhbəri Culi İnman-Qrant bildirib ki, aparacı platformalar 16 yaşdan kiçik şəxslərin hesablara çıxışının qarşısını almaq üçün mühüm addımlar atır.
Onun sözlərinə görə, “eSafety” texnoloji şirkətlərlə əməkdaşlığı davam etdirəcək. Məqsəd isə istifadəçilərin yaşının müəyyənləşdirilməsinin dəqiqliyini və effektivliyini artırmaq, eyni zamanda qanunvericilik tələblərindən yayınma hallarının qarşısını almaqdır.
O, əlavə edib ki, tənzimləyici qurum istifadəçilərin digər platformalara keçidi də daxil olmaqla məlumatların toplanmasını davam etdirəcək.
Qeyd edək ki, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişini qadağan edən qanun Avstraliyada 10 dekabr 2025-ci ildə qüvvəyə minib. Qadağa “Facebook”, “Instagram”, “Kick”, “Reddit”, “Snapchat”, “Threads”, “TikTok”, “Twitch”, “X” və “YouTube” platformalarını əhatə edir. Yeni qanunvericiliyə əsasən, tələblərin pozulmasına görə bütün məsuliyyət texnoloji platformaların üzərinə düşür və onlar yetkinlik yaşına çatmayanlara məxsus hesabları deaktiv etmək üçün bütün mümkün tədbirləri görmədikləri təqdirdə 49,5 milyon Avstraliya dollarına (32,9 milyon ABŞ dolları) qədər cərimə oluna bilərlər.
Aysel Mətləb
tag: Avstraliya,Sosial,Qadağa,Yeniyetmə,Todaypress.tv,
