Avstraliyada rekord istilər: 106 min ev işıqsız qaldı

Dünya

27.01.2026 19:15

Avstraliyanın cənub-şərqində müşahidə olunan qeyri-adi isti hava səbəbindən Viktoriyada ən azı 106 min evdə elektrik enerjisi kəsilib.

TodayPress TV xəbər verir ki, bu barədə ştatın energetika naziri Lili D'Ambrosio məlumat verib.

Nazirin sözlərinə görə, rekord istilər fonunda Viktoriyada son 17 ilin ən yüksək elektrik tələbatı qeydə alınıb. Kəsintilərə səbəb kimi güclü istilər, meşə yanğınları, ağacların elektrik xətlərinə düşməsi və avadanlıqların həddindən artıq qızaraq sıradan çıxması göstərilir. Əlavə briqadalar enerjinin bərpası üçün ərazilərdə çalışır.

Yerli “The Age” qəzeti yazır ki, kəsintilərin böyük hissəsi "AusNet" şirkətinin şəbəkəsində baş verib və 40 mindən çox müştəri işıqsız qalıb. Bölgədəki bütün enerji təchizatçıları artan tələbat səbəbilə problemlər yaşandığını bildiriblər.

Həddindən artıq istilər idmana da təsir edib. Melburnda Avstraliya Açıq tennis turnirinin bəzi oyunları dayandırılıb, açıq kortlar bağlanıb.

Meteoroloqların məlumatına görə, Viktoriyada və Cənubi Avstraliyada temperatur 48-49 dərəcəyə qədər yüksəlib. Mütəxəssislər isti və quru havanın həftənin sonunadək davam edəcəyini, meşə yanğınları riskinin artdığını bildirirlər. Bu səbəbdən bəzi bölgələrdə od yandırmaq və meşələrə giriş qadağan edilib

Türkan İsgəndərli

TodayPress TV

tag: Avstraliya,İsti,Elektrik,Ştat,Todaypress.tv,