Astronomlar Yerə bənzər planet kəşf etdilər

Dünya

29.01.2026 19:00

Alimlər Yer kürəsindən 146 işıq ili uzaqlıqda potensial olaraq yaşana bilən HD 137010 b ekzoplanetini müəyyən ediblər.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, məqalə "Astrophysical" jurnalında dərc olunub.

Belə ki, araşdırmada Avstraliya, ABŞ, Birləşmiş Krallıq və Danimarkadan olan beynəlxalq astronomlar qrupu iştirak edib.

İlkin təhlillər göstərir ki, HD 137010 b radius və orbital xüsusiyyətlər baxımından Yer və Marsa heyrətamiz dərəcədə oxşardır. Planet, Günəşə bənzər ulduzun diskindən keçərək müşahidə edilib və bu, Yerə bənzər ilk namizədlərdən biridir.

Planet NASA-nın Kepler kosmik teleskopunun K2 missiyasının 2017-ci ilə aid arxiv məlumatları əsasında müəyyən edilib. HD 137010 b-nin radiusu Yer kürəsindən cəmi 6% böyükdür və orbital dövrü 355 Yer günüdür. Alimlər onun ulduzunun yaşaya bilən zonasında olma ehtimalını 50% qiymətləndirirlər.

Tədqiqatçılar qeyd ediblər ki, planetin səth temperaturu Marsa yaxındır və ulduzu Günəşdən daha soyuq və qaranlıq olduğundan səth temperaturu -70°C-yə qədər düşə bilər.

Əgər ekzoplanet statusu təsdiqlənərsə, HD 137010 b həm məsafə, həm də fiziki xüsusiyyətlər baxımından Yerə ən yaxın bilinən planetlərdən biri olacaq və yerdən kənar həyatın axtarışı üçün yeni imkanlar yaradacaq.

Jalə Rövşən 

TodayPress TV

tag: NASA,Yer,Planet ,Astronom ,Todaypress.tv,