Antonio Xose Sequro Portuqaliya prezidenti seçildi
Dünya
09.02.2026 17:58
Portuqaliyada fevralın 8-də keçirilən ikinci tur prezident seçkilərində sol mərkəzçi Sosialist Partiyasının namizədi Antonio Xose Sequro qalib gəlib.
TodayPress TV xəbər verir ki, o, ifrat sağçı “Çeqa!” (“Yetər”) partiyasının namizədi Andre Ventura üzərində demək olar ki, 67%-33% nisbətində qələbə qazanıb.
Birinci turda Sequro 31,1%, Ventura isə 23,52% səs toplayaraq ikinci mərhələyə çıxıb.
Sequro beləliklə son 20 il ərzində Portuqaliya prezidenti vəzifəsini tutan ilk sosialist olacaq. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen qələbəsi münasibətilə onu təbrik edərək Portuqaliyanın Avropa dəyərlərinə sadiqliyinin “güclü olaraq qalacağını” vurğulayıb.
Ventura isə rəqibindən xeyli geri qalmasına baxmayaraq, sağçı partiyasının parlamentdəki mövqeyini gücləndirən ən yaxşı nəticəsini əldə edib. O, Sequroya qələbəsi münasibətilə təbrik edərək, sağçıların “tezliklə ölkəni idarə edəcəyini” bildirib.
Portuqaliya prezidenti beş illik müddətə seçilir. Vəzifə əsasən təmsilçi xarakter daşısa da, prezident hökmət başçısını təyin etmək, qanunvericiliyə veto qoymaq və parlamenti buraxmaq səlahiyyətinə malikdir.
Türkan İsgəndərli
tag: Portuqaliya,Prezident,Xose Sequro,Sosialist,Todaypress.tv,
