Almaniyadan Moskva çağırışı: Kansler–Kreml xətti açılmalıdır

Dünya

28.01.2026 10:58

Almaniya Bundestaqının Sosial Demokrat Partiyası (SDPG) fraksiyasının xarici siyasət üzrə nümayəndəsi Adis Əhmətoviç Almaniya Kansleri Fridrix Merts ilə Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa danışıqların aparılmasına çağırıb.

TodayPress TV xəbər verir ki, Əhmətoviç bu fikirləri "Süddeutsche Zeitung" qəzetinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, hazırkı danışıqlar prosesində “çox cüzi irəliləyiş” var və avropalılar faktiki olaraq danışıqlar masasında təmsil olunmurlar. Almaniyalı deputat vurğulayıb ki, “bu şəkildə davam etmək mümkün deyil” və yeni yanaşmalara ehtiyac var. Bu isə Rusiya ilə diplomatik təmasların hansı səviyyədə və kimlər vasitəsilə aparılmalı olduğunun dəqiqləşdirilməsini tələb edir.

Bundestaq üzvü hesab edir ki, bu məsələdə Almaniya Kansleri Fridrix Merts daha çox siyasi cəsarət nümayiş etdirməlidir.

“Gözləyirəm ki, Almaniya hökuməti Avropa dövlətləri və müttəfiqlərlə birlikdə elə bir strategiya üzərində işləsin ki, bu, bizi yenidən danışıqlar masasında möhkəm mövqeyə qaytara bilsin”, – deyə Əhmətoviç bildirib.

Qeyd edək ki, yanvarın 15-də Almaniya Kansleri Fridrix Merts Rusiyanı “Avropanın ən böyük qonşusu” adlandırmış və Avropa İttifaqının Moskva ilə münasibətlərdə balans əldə edə biləcəyinə ümid etdiyini söyləmişdi. Bundan əvvəl isə Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri ilə təmaslara açıq olduğunu bəyan edib.

Qiymət Mahir

tag: Almaniya ,Avropa ,Fridrix Merts ,Rusiya ,Todaypress.tv,