Almaniya: Trampın rüsumları ən çox ABŞ vətəndaşlarına zərər vurur
Dünya
22.02.2026 23:08
Almaniyanın vitse-kansleri, maliyyə naziri və SPD-nin həmsədri Lars Klinqbayl bildirib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi idxal rüsumlarından ən çox zərər görənlər məhz amerikalıların özləridir.
TodayPress TV xəbər verir ki, Klinqbayl bu fikirləri “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Avropa dünyanın müxtəlif bölgələri ilə yeni ticarət əlaqələri quraraq və azad ticarət sazişləri bağlayaraq Qrenlandiya ətrafındakı vəziyyətə görə rüsumlarla hədələyən Trampa cavab verə bilib.
“Biz, avropalılar, o qədər aydın və birlikdə mövqe nümayiş etdirdik ki, ABŞ Prezidenti geri çəkildi. Rüsumlar Atlantikanın hər iki tərəfində iqtisadiyyata zərər vurur, lakin onlardan ən çox zərər çəkən ABŞ vətəndaşlarıdır”, – deyə o əlavə edib.
ABŞ Ali Məhkəməsinin Trampın tariflərini qanunsuz sayan qərarına toxunan Klinqbayl bildirib ki, avtomobil və metallurgiya kimi əsas sahələrdə sektoral rüsumlar qüvvədə qalır, həmçinin yeni məhdudiyyətlər də elan olunub və bu fonda qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır.
Qiymət Mahir
tag: Almaniya,Tramp,ABŞ,Rüsum,TodayPress TV,
