Aİ Türkiyə və Ermənistana dəstək verdi

Dünya

29.04.2026 22:20

Avropa İttifaqı (Aİ) Ermənistan ilə Türkiyə arasında dəmir yolu əlaqələrinin yenidən qurulmasına yönəlmiş təmasları məmnuniyyətlə qarşıladığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat  Avropa Xarici Əlaqələr Xidməti tərəfindən yayılan yazılı açıqlamada yer alıb.

Yayılan açıqlamada Ermənistan ilə Türkiyə arasında dəmir yolu əlaqələrinin bərpasını irəlilətmək məqsədilə Qars şəhərində keçirilən işçi qrup toplantısının müsbət qiymətləndirildiyi qeyd olunub:

“Ermənistan-Türkiyə normallaşma prosesində davamlı irəliləyiş bölgədə dayanıqlı sülh və sabitlik üçün zəruri olan daha geniş müsbət dinamikanı əks etdirir”.

Açıqlamada, fəaliyyətə başladıqdan sonra Qars-Gümrü dəmir yolu xəttinin regional əlaqələri gücləndirəcəyi və Cənubi Qafqaz bölgəsində yaşayan bütün əhali üçün konkret faydalar təmin edəcəyi vurğulanıb.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında Qars-Gümrü dəmir yolunun bərpası və istifadəyə verilməsi məqsədilə yaradılmış Türkiyə-Ermənistan Birgə İşçi Qrupunun toplantısı dünən Qarsda keçirilib.

Kənan Yusif

TodayPress TV

tag: Türkiyə,Ermənistan,Avropa İttifaqı,Qars,Todaypress.tv,