Aİ NATO-suz ssenarini müzakirə edir
Dünya
28.01.2026 15:50
Avropa İttifaqı ABŞ ilə Qrenlandiya ətrafında yaranmış gərginlik fonunda Vaşinqtonun NATO-dan çıxması kimi əvvəllər ağlagəlməz sayılan ssenarini və Avropanın öz təhlükəsizlik arxitekturasını qurmasını müzakirə etməyə məcbur qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" Avropa paytaxtlarındakı mənbələrə istinadən yazıb.
Məlumata görə, ABŞ-nin öhdəliklərinin etibarlılığına dair qeyri-müəyyənlik artıq transatlantik münasibətlərin əsas fonuna çevrilib. RUSI analitik mərkəzinin rəhbəri Reyçel Ellehuusun fikrincə, ABŞ Prezidenti Donald Trampın Danimarkanın tərkib hissəsi olan Qrenlandiya ilə bağlı təhdidləri alyansın 77 illik tarixində ən dərin böhranı doğurub.
Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus bildirib ki, Avropaya ABŞ hərbi imkanlarının əvəzlənməsi üçün “aydın strategiya” lazımdır və “NATO-nun Avropa dayağı” mövzusu daha fəal müzakirə edilməlidir. Nəşr vurğulayır ki, Trampın alyansın faydalılığına dair şübhələri və qarşılıqlı müdafiə öhdəliklərinin bir hissəsindən imtinası müttəfiqlər arasında etimadı sarsıdıb.
Qeyd edək ki, NATO-nun Baş katibi Mark Rütte daha əvvəl ABŞ-nin Aİ-nin təhlükəsizliyi üzərində “himayəsinin” başa çatdığını demiş, Avropa və Kanadanı öz təhlükəsizliklərinə görə daha çox məsuliyyət götürməyə və müdafiəyə daha çox investisiya etməyə çağırmışdı.
Qiymət Mahir
tag: Aİ,ABŞ ,Avropa İttifaqı,Qrenlandiya ,Todaypress.tv,
