Aİ İsrailin İordan çayında nəzarəti gücləndirməsini pislədi
Dünya
10.02.2026 06:30
“Avropa İttifaqı (Aİ) İsrailin İordan çayının Qərb sahilində nəzarəti gücləndirməklə bağlı son qərarını pisləyir”.
TodayPress TV xəbər verir ki, bunu Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın sözçüsü Anvar əl-Anuni brifinq zamanı bildirib.
Onun sözlərinə görə, İsrailin Qərb sahilində atdığı addımlar Yaxın Şərqin nizamlanması istiqamətində beynəlxalq səyləri təhlükə altına salır:
“Bu, beynəlxalq ictimaiyyətin Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinin həyata keçirilməsi üzərində fəal işlədiyi bir vaxtda atılan növbəti yanlış addımdır. Bu cür addımlar İsrailin imzaladığı Oslo razılaşmalarına tamamilə ziddir və İsraillə Fələstin arasında imzalanmış “Hebron” sazişini poza bilər".
Anvar əl-Anuni vurğulayıb ki, Aİ-nin bu məsələdə tarixi mövqeyi dəyişməzdir. İttifaq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, İsrailin 1967-ci ilin iyunundan sonra müsadirə etdiyi ərazilər üzərində suverenliyini tanımır. O qeyd edib ki beynəlxalq hüquqa əsasən, ilhaq qanunsuzdur və bu məqsədlə atılan istənilən addım beynəlxalq hüququn pozulması hesab olunur.
O, həmçinin əlavə edib ki, Avropa İttifaqı uzun müddətdir İordan çayının Qərb sahilindəki vəziyyəti diqqətlə izləyir və İsrailin bu ərazidəki fəaliyyətinin nəticələri iki dövlətli həllin həyata keçirilmə imkanlarını ciddi şəkildə zəiflədir.
“Bu kontekstdə biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan davamlı sülhə sadiqliyimizi bir daha təsdiqləyirik. İki dövlətli həll əsasdır və həm İsrail, həm də Fələstin dövləti ilə əməkdaşlıq etməliyik ki, hər iki tərəf sülh şəraitində yaşaya bilsin”, - deyə Anvar əl-Anuni qeyd edib.
Aysel Mətləb
tag: Avropa İttifaqı,İsrail,İordan,Fələstin,Todaypress.tv,
