Ağ Ev İrana qarşı yeni hərbi ssenariləri nəzərdən keçirir
Dünya
29.01.2026 14:09
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni böyük zərbə endirməyi düşünür.
TodayPress TV xəbər verir ki, bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb.
ABŞ lideri bu qərarı Vaşinqton və Tehran arasında ölkənin nüvə proqramının və ballistik raket istehsalının məhdudlaşdırılması ilə bağlı ilkin danışıqların nəticə verməməsindən sonra nəzərdən keçirib.
Bildirilib ki, Ağ Ev etirazları yatırmaqda və etirazçıları öldürməkdə məsul hesab etdiyi İran liderlərinə və təhlükəsizlik qüvvələrinə qarşı hava hücumları əmri verə bilər. Amerika qüvvələri, həmçinin İranın dövlət qurumlarını və nüvə obyektlərini hədəfə ala bilər.
Məlumata görə, Tramp hələlik sonrakı tədbirlər barədə yekun qərar verməyib, lakin “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Yaxın Şərqə göndərildikdən sonra güc tətbiq etmək variantını da istisna etməyib.
Hərbi əməliyyat təhdidləri fonunda ABŞ İran rəsmiləri ilə görüş üçün ilkin şərtlər irəli sürüb. Bunlara uranın zənginləşdirilməsindən imtina, ballistik raket proqramının məhdudlaşdırılması və regionda İranın proksi qüvvələrinə dəstəyin dayandırılması daxildir. Lakin ən problemli məsələ ABŞ-nin İranın ballistik raketlərinin mənzilini məhdudlaşdırması tələbi olub.
Mənbələrin məlumatına görə, Tehran bu tələbi rədd edir və yalnız nüvə proqramını müzakirə etməyə hazırdır.
Xatırladaq ki, yanvarın 28-də Tramp sosial media platforması “TruthSocial”da yazıb:
"Ümid edək ki, İran tez bir zamanda danışıqlar masasına oturacaq və bütün tərəflərə fayda verən ədalətli və bərabər “Nüvə silahlarına yox” razılaşmasına çatacaq".
Buna cavab olaraq İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Tehranın ABŞ və İsrail ilə münaqişəsinin üçüncü mərhələsinə qədəm qoyduğunu bildirib. O, ilk iki mərhələ kimi 2025-ci ilin yayında baş verən 12 günlük müharibəni və iqtisadi böhran fonunda dekabr və yanvar aylarının əvvəllərində baş verən kütləvi etirazları göstərib.
İran xarici işlər naziri Abbas Əraqçi də, həmçinin ölkənin istənilən təcavüzə "dərhal və güclü" cavab verməyə hazır olduğunu vurğulayıb.
Aysel Mətləb
tag: ABŞ,İran,Hərbi,Ssenari,Todaypress.tv,
