ABŞ-yə turist axını kəskin azaldı: Səbəb nələrdir?
Dünya
09.02.2026 22:00
ABŞ lideri Donald Trampın ikinci prezidentlik dövründə sərt miqrasiya və sərhəd siyasəti ölkəyə gələn xarici turistlərin sayını kəskin şəkildə azaldıb.
TodayPress TV xəbər verir ki, bu barədə “American International Trade Administration” məlumat yayıb.
Bildirilib ki, 2025-ci il ABŞ-yə gələn xarici turistlərin sayı əvvəlki illə müqayisədə 4,2% azalıb və bu, ölkə iqtisadiyyatına təxminən 50 milyard dollar gəlir itkisi ilə nəticələnib.
Məlumata görə, bu azalma “COVID-19” pandemiyasından sonra ilk ciddi geriləmə hesab olunur. Halbuki BMT-nin məlumatına əsasən, eyni dövrdə dünyada beynəlxalq turizm axını orta hesabla 4% artıb.
Qeyd olunub ki, turist axınının azalması birbaşa ABŞ Prezidenti Donald Trampın apardığı siyasətlə əlaqələndirilir. Belə ki, ondan çox ölkənin vətəndaşlarına giriş qadağaları tətbiq olunub, 75 ölkə, o cümlədən Braziliya və Tailand üçün viza verilişi dayandırılıb, sərhədlərdə yoxlamalar isə xeyli sərtləşdirilib.
Xüsusilə ABŞ-nin qonşu ölkələri bu vəziyyətə daha həssas reaksiya verib. Kanadadan ABŞ-yə turist axını 10,2% azalıb. Avropa ölkələrindən gələn turistlərin sayı 3,1%, Yaxın Şərqdən isə 3% geriləyib. İrlandiya, Norveç və Almaniyadan gələn turistlərin sayı isə təxminən 20% azalıb.
Turist sayındakı azalma otellərin və aviaşirkətlərin gəlirlərinə də mənfi təsir göstərib. Hətta “Disney” şirkəti əyləncə parklarında xarici ziyarətçilərin sayının azaldığını açıqlayıb.
Aysel Mətləb
tag: ABŞ,Turist,Azalma,Tramp,Todaypress.tv,
