ABŞ və Özbəkistan arasında milyardlar dəyərində saziş imzalandı

Dünya

07.11.2025 09:49

ABŞ Prezidenti Donald Tramp Amerika və Özbəkistanın ticarət sazişi imzaladığını açıqlayıb. O bildirib ki, müqavilə ABŞ-yə 100 milyard dollardan çox sərmayə qoyacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Ev lideri "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

“ABŞ və Özbəkistan arasında inanılmaz ticarət-iqtisadi saziş imzalandığını məmnuniyyətlə elan edirəm”, - deyə Tramp bildirib.

Razılaşmaya əsasən, növbəti üç il ərzində Özbəkistan ABŞ-yə 35 milyard dollar, on il ərzində isə ümumilikdə 100 milyard dollardan çox sərmayə yatıracaq. Saziş çərçivəsində investisiyalar əsasən kritik təbii resursların hasilatı, aviasiya, avtomobil ehtiyat hissələrinin istehsalı, infrastruktur, kənd təsərrüfatı, enerji, kimya sənayesi və informasiya texnologiyaları kimi sahələrə yönəldiləcək.

ABŞ prezidenti, həmçinin Özbəkistan prezidentinə təşəkkürünü bildirib və iki ölkə arasında uzunmüddətli, məhsuldar əməkdaşlığa ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 7-si Tramp Asiya ölkələrinin bir sıra prezidentləri ilə də görüş keçirib. Görüş iştirakçıları arasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də olub. Tramp Tokayevlə görüşdən sonra Qazaxıstanın “İbrahim sazişləri”nə qoşulduğunu elan edib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Özbəkistan,Saziş,Milyardlar,Todaypress.tv,