ABŞ və İran danışıqları aprelin 11-də başlayacaq
Dünya
09.04.2026 09:58
ABŞ və İran arasında Pakistanın paytaxtı İslamabadda keçiriləcək danışıqlar şənbə günü başlayacaq və bir neçə gün davam edəcəyi gözlənilir.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu məlumatlı mənbə bildirib.
Agentliyin mənbəsinin sözlərinə görə, görüş qapalı şəkildə keçiriləcək. O, ən real məkan kimi Serena Hoteli göstərib.
Məsləhətləşmələr başa çatdıqdan sonra mətbuat konfransının keçirilməsi gözlənilir. ABŞ və İranın Pakistandakı səfirlikləri hələlik danışıqlara hazırlıqla bağlı "TASS"ın sorğusuna cavab verməyiblər.
Gözlənilən danışıqlarla əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Hakimiyyət orqanlarının məlumatına görə, bu tədbirlər xarici nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Hökumət binalarının yerləşdiyi və xüsusi nəqliyyat vasitələri istisna olmaqla, bütün maşınlar üçün bağlanmış “qırmızı zona”da nəzarət daha da artırılıb.
Danışıqlar səbəbilə 9 və 10 aprel paytaxtda rəsmi qeyri-iş günləri elan edilib. Şəhər administrasiyasının məlumatında vurğulanır ki, hüquq-mühafizə orqanları, tibb müəssisələri və kommunal xidmətlər adi qaydada fəaliyyət göstərəcək. İslamabad sakinlərinə gündəlik planlarını buna uyğun tənzimləmələri tövsiyə edilib.
Qeyd edək ki, aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan etdi. O, tərəflərin demək olar ki, bütün mübahisəli məsələləri həll etdiyini və Vaşinqtonun Tehranın təqdim etdiyi 10 maddəlik təkliflər paketini gələcək danışıqlar üçün “işçi baza” kimi qəbul etdiyini bildirib. ABŞ liderinin sözlərinə görə, qərarın əsas səbəbi İranın Hörmüz boğazını açmağa hazır olmasıdır. Tehran isə, öz növbəsində, İslam Respublikasına hücum edilmədiyi müddətdə “müdafiə xarakterli zərbələri” dayandırmağa razılıq verib.
İki ölkə arasında vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif tərəfləri aprelin 10-da danışıqlara dəvət edib. İran dövlət televiziyasının məlumatına görə, danışıqların birbaşa formatda keçiriləcəyi gözlənilir.
Jalə Rövşən
tag: ABŞ, İran,Pakistan,Atəşkəs ,Todaypress.tv,
