ABŞ pilotları Afrikada həbs edildi, Trampdan kömək istədilər
Dünya
09.02.2026 19:00
ABŞ-dən olan iki pilot Afrikanın Qvineya Respublikasında saxlanılıb. Onların yaxınları ABŞ Prezidenti Donald Trampdan müdaxilə gözləyir.
TodayPress TV xəbər verir ki, "The New York Post" nəşrinin məlumatına görə, hadisə 29 dekabr 2025-ci ildə baş verib.
33 yaşlı Fabio Nikolas Espinal Nunyes və 63 yaşlı Bredli Skott Şlenker müqavilə əsasında çalışaraq Surinamdan Dubaya turist ailəsini Gulfstream GIV tipli təyyarə ilə daşıyıblar. Uçuş zamanı yanacaq ehtiyacı yarandığından pilotlar Qvineya dispetçerləri ilə əlaqə saxlayaraq eniş üçün icazə istəyiblər.
Lakin Qvineya hava limanına endikdən sonra yerli hüquq-mühafizə orqanları pilotları ölkənin hava məkanını pozmaqda ittiham edib və onlar altı həftə müddətinə həbs olunublar. Nunyes və Şlenkerin vəkilləri təcili apellyasiya şikayəti verib və məhkəmə onların azadlığa buraxılması barədə qərar çıxarıb. Buna baxmayaraq, pilotlar hələ də həbsdə saxlanılır.
Məlumata görə, prokuror hərbçilərin təzyiqi səbəbindən məhkəmə qərarının icrasına icazə verməyib. Pilotlardan birinin nişanlısı Loren Stivenson bildirib ki, üç hakim ittihamların əsassız olduğu qənaətinə gəlib.
Qeyd olunur ki, işə Qvineya Respublikasının Ali Məhkəməsi baxacaq. Pilotların ailə üzvləri, həmçinin ABŞ Dövlət Departamentinin dəstəyinə ümid edir.
Qiymət Mahir
tag: ABŞ, Afrika,Qvineya ,Dubay,Todaypress.tv,
